«Həyat, ölüm
və gözəllik» mövzusunda sərginin
kataloqu dünya şöhrətli rəssamın əsərlərinin
qayəsi haqqında dolğun təsəvvür yaradır
Xəbər
verdiyimiz kimi, Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin
birgə dəstəyi ilə iyunun 21-də Heydər Əliyev Mərkəzində
XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən
ibarət sərgi açılmışdır.
AzərTAc
xəbər verir ki, sərginin açılışı ərəfəsində
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin
birgə layihəsi çərçivəsində dünya
şöhrətli rəssamın əsərlərinin reproduksiyasını
əhatə edən kataloq Azərbaycan və ingilis dillərində
çapdan çıxmışdır.
Son dərəcə
yüksək zövqlə hazırlanmış, nəfis tərtibatlı
kataloqun ilk səhifəsi Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın Bakıda dünya
şöhrətli Amerika rəssamının sərgisinə
dair fikirləri ilə açılır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirir ki, Azərbaycan
qədim tarixi, adət-ənənələri ilə
seçilən ölkədir. Burada müxtəlif mədəniyyətlər,
Şərqlə Qərb sivilizasiyası, tarixlə
müasirlik bir-birinə qovuşur.
Qədim
ənənələri olan Azərbaycan bu gün həm də
müasir incəsənət ölkəsi kimi tanınır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti diqqəti son vaxtlar Bakının bir çox
beynəlxalq tədbirlərə, müxtəlif sahələri
əhatə edən konfrans, festival və yarışmalara ev sahibliyi
etməsinə yönəldərək yazır: "Bu dəfə
isə Bakı daha bir əlamətdar hadisə ilə diqqət
mərkəzindədir. Azərbaycanda, Heydər Əliyev Mərkəzində
ilk dəfədir ki, modern rəssamlıq tarixinə
adını həkk etmiş Endi Vorholun əsərlərinin sərgisi
keçirilir.
Tarixi
ənənələri, mədəni irsimizi yaşadan Heydər
Əliyev Mərkəzi bu gün müasir incəsənət
layihələri ilə yanaşı, Şərq və Qərb
mədəniyyəti arasında körpünün,
yaranmasına, Azərbaycan mədəniyyəti və incəsənətinin
dünyaya, eyni zamanda da dünya sivilizasiya nümunələrinin
Azərbaycanda təbliğinə dəstək olur.
Bu
baxımdan Endi Vorholun "Həyat, ölüm və gözəllik"
sərgisi müasir incəsənəti tanıtmaq və
yaşatmaq istiqamətində uğurlu layihədir.
Bir
daha bütün sənətsevərləri bu sərginin
keçirilməsi münasibəti ilə təbrik edirəm və
inanıram ki, incəsənət sahəsindəki bu tarixi
hadisə sizdə xoş təəssüratla yadda qalacaq".
Kataloqda
Endi Vorhol Muzeyinin direktoru Erik Şinerin, sərginin kuratoru
Cianni Merkurionun sərgiyə aid fikirləri də yer
almışdır.
Nəşrdə
Endi Vorholun həyat və çoxtərəfli
yaradıcılığı, onun simvolik obrazlarının
mahiyyəti, portretləri, avtoportretləri, müəllifin əsərlərində
həyat, ölüm və gözəllik mövzusu
haqqında məlumatlar, ümumilikdə, pop-art kralının
baxışları haqqında zəngin mənbədir.
Endi
Vorholun əsərlərinin Azərbaycanda ilk dəfə təqdimatından
yaşanan həyəcanını dilə gətirən muzeyin
direktoru Erik Şinerin fikrincə isə, sərgini ziyarət
edənlər rəssamın kütləvi mədəniyyətə
təsirini və "Amerika arzusuna"
baxışlarını öyrənə biləcəklər.
Sərgidə təkcə Endi Vorhol haqqında deyil, eyni
zamanda, avanqard film, pop-art barədə də geniş məlumat
əldə etmək mümkündür.
Sərginin
təşkilinə görə Heydər Əliyev Mərkəzinə
və Heydər Əliyev Fonduna təşəkkürünü
bildirən kurator Cianni Merkurio əmindir ki, bu mərkəz gələcəkdə
bir çox mühüm tədbirlərə ev sahibliyi edəcək
və Bakını müxtəlif mədəniyyətlərin
kəsişdiyi bir mərkəzə çevirəcəkdir.
Azərbaycan.-2013.- 23 iyun.- S.5.